Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2024-cü il 16 may tarixli məktubu əsasında, 19 mart 2024-cü il tarixli 2(011)-1151/2024 saylı iş üzrə çıxarılmış qərardadın icrasını təmin etmək məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və bu iş “Xəzər-Audit 2019” MMC-nin direktor-auditoru Musayev Adıgözəl Maqsud oğluna həvalə olunmuşdur.
31 may 2024-cü il tarixli 1/29-SDO nömrəli sərəncama uyğun olaraq aparılan audit yoxlaması 23 sentyabr 2024-cü il tarixində yekunlaşmış və auditor mənfi rəy təqdim etmişdir. Rəydə göstərilmişdir ki, əvvəlki illərdə aparılan uçot sənədlərində ciddi nöqsanlar mövcuddur və müvafiq qanunvericiliyin tələblərinə əməl edilməmişdir.
Audit rəyində vurğulanır ki, təqdim edilən ilkin sənədlər “Mühasibat Uçotu haqqında” Qanuna, “Ciddi hesabat blanklarının tətbiqi və uçotu qaydaları”na və Nazirlər Kabinetinin 365 nömrəli Qərarı ilə təsdiqlənmiş “Nağd pul vəsaitinin uçotu və kassa əməliyyatları qaydasına” uyğun deyil. Bununla bağlı auditor mənfi nəticəyə gəlmişdir.
Lakin “Xətai-7” MMMC tərəfindən aparılan ətraflı araşdırma nəticəsində auditor rəyində ciddi uyğunsuzluqlar, səhvlər və əsassız hesablamalar aşkar edilmişdir. Aşağıda həmin uyğunsuzluqlar qısa formada təqdim olunur
1. Xidmət müqavilələrinin yanlış şəkildə “əmək haqqı” kimi göstərilməsi
Auditor rəyində 18 nəfərin guya “əmək müqaviləsi ilə işə götürüldüyü” və onlara 6602 manat aylıq əmək haqqı təyin edildiyi bildirilir.
Cəmiyyət bildirir ki:
- həmin şəxslər vergi orqanlarında fiziki şəxs kimi uçotdadırlar;
- belə şəxslərə ödənilən vəsait əmək haqqı deyil, xidmət haqqıdır;
- xidmətlər yalnız təhvil-təslim aktı, elektron qaimə-faktura və kassa mədaxil orderi ilə rəsmiləşdirilməli idi;
- vergilər, sosial və tibbi sığorta ödənişləri isə xidmət göstərən şəxslər tərəfindən ödənilməlidir.
Bu sənədlər təqdim edilmədiyi halda, auditorun həmin məbləğləri əmək haqqı kimi göstərməsi tam əsassızdır.
2. “Ümid İstismar” MMC ilə bağlı saxta varislik protokolu
Auditor rəyində Cəmiyyətin guya “Ümid İstismar” MMC-nin hüquqi varisi elan edildiyi bildirilir.
Cəmiyyət isə bildirir ki:
- Mənzil Məcəlləsinə əsasən belə qərar yalnız ümumi yığıncaqda və 2/3 səs çoxluğu ilə qəbul oluna bilər;
- belə yığıncaq heç vaxt keçirilməyib;
- təqdim edilən sənəd yalnız üç nəfər tərəfindən imzalanıb onlardan ikisi (Cavabdeh və həyat yoldaşı) bir-birilə hüquqi asılılıqda olan şəxslərdir;
- bu hal “Korrupsiyaya qarşı mübarizə haqqında Qanun”un tələblərinə ziddir.
Cəmiyyət həmin protokolu saxta hesab edir və onun auditdə istifadə edilməsini qanunsuz sayır.
3. Kassa sənədləri təqdim edilmədən “riyazi hesablama” aparılması
Auditor rəyinin özündə etiraf edilir ki, kassa mədaxil və məxaric orderləri və 408 mənzil üzrə debitor–kreditor məlumatları ona təqdim edilməmişdir.
Buna baxmayaraq auditor, nə kassa sənədləri, nə də kassa kitabı olmadan Cəmiyyətin gəlir və xərclərini fərziyyə əsasında hesablamışdır.
Bu, audit metodologiyasına və qanunvericiliyə ziddir.
4. Bank hesabı üzrə faktiki ödənişlərlə audit rəyi arasındakı ciddi fərqlər
Mənzil mülkiyyətçiləri tərəfindən Cəmiyyətin bank hesabına faktiki olaraq 43.703,90 manat ödəniş daxil olmuşdur (bank çıxarışına görə).
Lakin, həm cavabdehin hesabatında, həm də auditor rəyində bu məbləğ 25.102,00 manat kimi göstərilib.
Bu 19 min manatdan çox fərq deməkdir və audit nəticələrinin etibarlığını şübhə altına alır.
5. Lift xidmətləri, elektrik ödənişləri, transferlər və digər xərclərlə bağlı uyğunsuzluqlar
Audit rəyi ilə real sənədlər arasında çoxsaylı fərqlər mövcuddur:
- “Qaraşoğlu” MMC-yə faktiki ödəniş 23.600,00 manat, audit rəyində isə 32.000,00 manat göstərilib;
- “Azərişıq” ASC-yə faktiki ödəniş 104.656,55 manat, audit rəyində isə 123.494,73 manat qeyd edilib;
- Transferlər üzrə 15.502,87 manat audit rəyində “hara ödənildiyi məlum deyil” kimi qeyd olunsa da, yenə də xərc kimi tanınıb.
- Kənar fiziki şəxslərin “Kontakt Home”, “Mustafa RST”, “ASAN xidmət” ödənişləri Cəmiyyətin xərcinə aid edilib. Hərçənd bu ödənişlərin Cəmiyyətə heç bir aidiyyəti yoxdur.
6. Cəmiyyətə aid olmayan bank kartları ilə iddia edilən DSMF və vergi ödənişləri
Auditor iddia edir ki, guya, 3.735,97 manat vergi və 6.787,19 manat DSMF ödənişi Cəmiyyətin bank kartı ilə həyata keçirilib.
Cəmiyyət rəsmi şəkildə bildirir ki:
- həmin kart Cəmiyyətə məxsus deyil;
- ödənişlər Cəmiyyətin bank hesabına bağlı olmayıb;
- bu ödənişlər Cəmiyyətin şəxsi hesab vərəqəsində əks olunmayıb.
Bu səbəbdən həmin məbləğlərin xərc kimi tanınması qanunsuzdur.
7. Fərdi sahibkarlar üzrə 54.824,23 manatlıq xidmət iddiaları
Audit rəyi bildirir ki, fərdi sahibkarların təqdim etdiyi 54.824,23 manatlıq işlərin yalnız 25.870,22 manatının ödənişi sənədlə təsdiq olunub.
Qalan 28.954,01 manat üzrə nə akt, nə kassa qəbzi, nə ödəniş tapşırığı mövcuddur.
Bu halda həmin məbləğin xərc kimi nəzərə alınması qanunvericiliyə ziddir.
8. Auditorun ümumi nəticələri əsassızdır
Auditor rəyində bildirilir ki:
- Cəmiyyətin 01.02.2018–30.09.2022 dövrü üzrə cəm gəlirləri 757.394,84 manat,
- cəm xərcləri 757.823,62 manat olub,
- aradakı fərq cəmi 428,78 manat təşkil edir.
Cəmiyyətə görə, bu nəticə, ən azı aşağıdakılara əsaslandığı üçün etibarlı audit nəticəsi sayıla bilməz.
- natamam və saxta sənədlər;
- rəsmi olmayan kağız parçaları;
- təqdim edilməyən kassa və uçot sənədləri;
- real bank məlumatlarından kənar fərziyyələr;
- hüquqi qüvvəsi olmayan protokollar.
Nəticə və Cəmiyyətin Rəsmi Mövqeyi
“Xətai-7” MMMC bildirir ki, aşağıdakı səbəblərdən auditorun fərziyyələrə əsaslanan nəticələri Cəmiyyətin real maliyyə fəaliyyətini əks etdirmir.
- audit rəyində çoxsaylı səhvlər, uyğunsuzluqlar, sənədsiz məbləğlər, çarpaz ziddiyyətlər və qanun pozuntuları mövcuddur;
- rəydə istifadə olunan məlumatların böyük hissəsi sənədlərlə təsdiqlənmir;
- audit zamanı ilkin uçot sənədlərinin çoxu auditor tərəfindən tələb olunsa da, cavabdeh tərəfindən təqdim edilməmişdir;
- auditorun fərziyyələrə əsaslanan nəticələri Cəmiyyətin real maliyyə fəaliyyətini əks etdirmir.
Bu səbəbdən, “Xətai-7” MMMC tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə və Azərbaycan Respublikası Auditorlar Palatasına auditor rəyinin keyfiyyətsiz elan olunması barədə müraciət edilsə də, həmin müraciət nəzərə alınmamış və rəy üzrə hər hansı keyfiyyət qiymətləndirilməsi aparılmamışdır.
Bununla belə, birinci instansiya məhkəməsi mövcud auditor rəyini əsas götürərək qərar qəbul etmiş, Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır.
Cəmiyyət hesab edir ki, auditor rəyində mövcud olan çoxsaylı uyğunsuzluqlar və sənədlərlə təsdiqlənməyən məlumatlar nəzərə alınmadan verilmiş bu məhkəmə qərarları obyektiv maliyyə vəziyyətini əks etdirmir və məsələnin yenidən ədalətli araşdırılmasına ehtiyac vardır.
Auditor rəyi ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:
Hörmətlə, “Xətai-7” MMMC-in İdarə Heyəti
15 oktyabr 2025
