“Xətaİ-7” MMMC-nİn İdarə heyətİ
Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin İdarə heyətİ BARƏDƏ QISA MƏLUMAT
İdarə Heyəti
İdarə Heyəti Cəmiyyətin icra orqanıdır və Cəmiyyətin gündəlik fəaliyyətinə cari rəhbərliyi həyata keçirir. O, Cəmiyyət iştirakçılarına hesabatlıdır və qanunvericiliklə və Nizamnamə ilə Ümumi Yığıncağın müstəsna səlahiyyətlərinə aid edilmiş məsələlər istisna olmaqla, Cəmiyyətin fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə qərar qəbul etmək səlahiyyətinə malikdir.
İdarə Heyəti Cəmiyyət iştirakçılarının Ümumi Yığıncağında Cəmiyyət iştirakçıları sırasından iki ildən artıq olmayan müddətə seçilir. İdarə Heyəti öz tərkibindən İdarə Heyətinin sədrini seçir və fəaliyyətini mütəmadi iclaslar vasitəsilə həyata keçirir. İclaslar sədri tərəfindən çağırılır və üzvlərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. Qəbul edilən bütün qərarlar protokolla rəsmiləşdirilir.
İdarə Heyətinin əsas vəzifələri qanunvericiliyə və Nizamnaməyə riayət olunmasının təmin edilməsi, mütləq ödənişlərin və haqların vaxtında yığılmasına nəzarət, illik gəlir-xərc smetasının və maliyyə hesabatlarının hazırlanması, binanın idarə olunması və xidmətlərin təşkili, işçilərin işə qəbulu və işdən azad edilməsi, müqavilələrin bağlanması, kargüzarlığın və mühasibat uçotunun təşkili, habelə Ümumi Yığıncağın çağırılması və keçirilməsidir.
İdarə Heyətinin sədri
İdarə Heyətinin sədri İdarə Heyətinin üzvləri arasından seçilir və onun qərarlarının icrasını təmin edən əsas icraedici vəzifəli şəxsdir. Sədr Cəmiyyətin adından etibarnamə olmadan çıxış edir, ödəniş sənədlərini imzalayır və qanunvericiliyə, Nizamnaməyə və Ümumi Yığıncağın və ya İdarə Heyətinin razılığını tələb etməyən hallarda müqavilələr və digər hüquqi əqdlər bağlayır.
Sədr çoxmənzilli binaya xidmət göstərən işçilərlə bağlı daxili qaydaları və onların əməyinin ödənilməsi ilə bağlı təklifləri hazırlayır və təsdiq üçün Ümumi Yığıncağa təqdim edir, habelə Cəmiyyətin bütün vəzifəli şəxsləri üçün məcburi olan göstəriş və sərəncamlar vermək səlahiyyətinə malikdir.
İdarə Heyətinin sədr müavini
Sədr müavini İdarə Heyətinin daxili qərarı ilə təyin edilir və sədrin fəaliyyətini dəstəkləyir, onun tapşırıqlarının icrasında iştirak edir və təşkilati, idarəetmə və əlaqələndirmə funksiyalarını yerinə yetirir. Zəruri hallarda və müvafiq etibarnamə əsasında sədr müavini İdarə Heyətinin sədrinin adından çıxış edə, onun səlahiyyətlərinin bir hissəsini icra edə və Cəmiyyətin fəaliyyətinin fasiləsizliyini təmin edə bilər.
Sədr müavini sədrin yoxluğunda və ya müvəqqəti fəaliyyətsizliyi zamanı idarəetmədə boşluq yaranmasının qarşısını alan əsas icra mexanizmi kimi çıxış edir və İdarə Heyətinin qərarlarının icrasına operativ dəstək verir.
“XƏTAİ-7” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin iştirakçılarının qiyabi səsvermə formasında 10.12.2025–29.12.2025 tarixləri arasında keçirilmiş növbəti Ümumi Yığıncağının 30 dekabr 2025-ci il tarixli qərarı ilə seçilmiş İdarə Heyəti:
İdarə Heyətinin 12 yanvar 2026-cı il tarixli qərarı ilə seçilmiş İdarə Heyətinin sədri:
Quliyev Araz Nurəddin oğlu
İdarə Heyətinin 12 yanvar 2026-cı il tarixli qərarı ilə seçilmiş İdarə Heyətinin sədr müavini:
Bayramov Nicat Eldar oğlu
İdarə heyətinin digər üzvləri:
Cəbrayılov İsmayıl Süleyman oğlu
Əliyev İlham Talehoviç
Qəmbərov Seymur Allahverdi oğlu
Mahmudov Saleh Kamil oğlu
Rzayev Rauf Zeynal oğlu
Mənzil Məcəlləsindən çıxarış:
Maddə 127. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti
127.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyət iştirakçılarına hesabat verən cəmiyyətin icra orqanı olmaqla cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir.
127.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilən məsələlər istisna olmaqla, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyətin fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə qərarlar qəbul edə bilər.
127.3. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti ən azı üç üzvdən ibarət olmaqla cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin iştirakçıları sırasından nizamnamə ilə müəyyən edilmiş, lakin iki ildən artıq olmayan müddətə seçilir.
127.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti öz tərkibindən cəmiyyətin idarə heyətinin sədrini seçir.
127.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin iclasları sədr tərəfindən cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş müddətdə çağırılır.
127.6. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin iclası cəmiyyətin idarə heyəti üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin qərarları protokolla rəsmiləşdirilir.
Maddə 128. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifələri
128.0. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifələri aşağıdakılardır:
128.0.1. cəmiyyət tərəfindən qanunvericiliyə və cəmiyyətin nizamnaməsinə riayət edilməsini təmin etmək;
128.0.2. müəyyən edilmiş mütləq ödənişlərin və haqların cəmiyyət iştirakçıları tərəfindən vaxtında ödənilməsinə nəzarət etmək;
128.0.3. müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək;
128.0.4. çoxmənzilli binanı (binaları) idarə etmək və ya idarə olunmasına dair müqavilələr bağlamaq;
128.0.5. çoxmənzilli binaya (binalara) xidmət göstərmək üçün işçiləri işə qəbul etmək və işdən azad etmək;
128.0.6. çoxmənzilli binanın (binaların) ümumi əmlakına xidmətlərin göstərilməsi, onun təmiri və istismarı ilə əlaqədar müqavilələr bağlamaq;
128.0.7. cəmiyyət iştirakçılarının siyahısını, kargüzarlığı, mühasibat uçotunu aparmaq və maliyyə hesabatlarını tərtib etmək;
128.0.8. cəmiyyət iştirakçılarının illik və zəruri hallarda növbədənkənar ümumi yığıncağını çağırmaq və keçirmək;
128.0.9. qanunvericilikdən və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsindən irəli gələn digər vəzifələri yerinə yetirmək.
Maddə 129. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin sədri
129.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin sədri bu Məcəllənin 127.3-cü maddəsi nəzərə alınmaqla cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş müddətə seçilir. Cəmiyyətin idarə heyətinin sədri idarə heyətinin qərarlarının icrasını təmin edir və onların icrası ilə bağlı cəmiyyətin bütün vəzifəli şəxsləri üçün məcburi olan göstəriş və sərəncamlar verir.
129.2. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin sədri cəmiyyətin adından etibarnamə verilmədən hərəkət edir, ödəniş sənədlərini imzalayır və qanunvericiliklə, cəmiyyətin nizamnaməsi ilə idarə heyətinin və ya cəmiyyət iştirakçılarının ümumi yığıncağının razılığını tələb etməyən əqdlər bağlayır, çoxmənzilli binaya xidmət göstərən işçilərə dair cəmiyyətin daxili qaydalarını və onların əməyinin ödənilməsinə dair təklifləri işləyib hazırlayır və təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim edir.
